SİYASƏT
BELARUSUN PAYTAXTINDA MDB ÜZVÜ OLAN DÖVLƏTLƏRİN DAİMİ SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİNİN İCLASI KEÇİRİLƏCƏKDİR
Minsk, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 18-də Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsində Birliyin üzvü olan dövlətlərin MDB-nin nizamnamə və digər orqanlarındakı daimi səlahiyyətli nümayəndələri şurasının iclası keçiriləcəkdir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidməti xəbər verir ki, şuranın üzvləri Birliyin Hökumət Başçıları Şurasının (HBŞ) noyabrın 22-də Aşqabadda keçirilməsi nəzərdə tutulmuş növbəti iclasının gündəliyinin layihəsini nəzərdən keçirəcəklər. İclasın gündəliyinin layihəsində iqtisadi, təhlükəsizlik, təhsil, gömrük nəzarəti və digər sahələr üzrə əməkdaşlıq məsələlərinə böyük yer ayrılmışdır. Gündəliyin bir sıra maddələri Birlik və onun orqanları çərçivəsində maliyyə təminatı fəaliyyəti ilə əlaqədar məsələlərə aiddir.
İclasda MDB çərçivəsində qəbul edilmiş sosial sahə məsələləri üzrə sənədlərin həyata keçirilməsi gedişi müzakirə ediləcəkdir. Hökumət Başçıları Şurasının qarşıdakı iclasının gündəliyinə, həmçinin MDB çərçivəsində təcili siyasi məsləhətləşmələrə dair iclasın çağırılması və keçirilməsi qaydasının layihəsi barədə məsələ daxil edilmişdir. Bu sənəd təcili müzakirələr və fikir müabdiləsi tələb olunan zaman Xarici İşlər Nazirliklərinin xüsusi nümayəndələrindən tutmuş, dövlət başçılarınadək müxtəlif səviyyəli təcili siyasi məsləhətləşmələrin çağırılması və keçirilməsinin şərtlərini və prosedurunu müəyyənləşdirir. Daimi səlahiyyətli nümayəndələr Şurası layihəni bəyənərsə, həmin sənədin nəzərdən keçirilməsi üçün MDB üzvü olan dövlətlərin xarici siyasət idarələrinə göndərilməsi, bundan sonra isə Birlik ölkələrinin XİN-in bölmələri rəhbərlərinin dekabr ayında keçiriləcək məsləhətləşmələrində müzakirə olunaraq razılaşdırılması və təsdiq edilməsi üçün MDB ölkələri Xarici İşlər Nazirləri Şurasına təqdim olunması təklif edilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk