SİYASƏT
BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI REGİONAL SEMİNARLAR DAVAM ETDİRİLİR
Bakı, 2 dekabr (AZƏRTAC). Ombudsman Aparatı bələdiyyə seçkiləri ərəfəsində Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə Yevlax və Gəncə şəhərlərndə polis şöbələrinin əməkdaşları üçün regional seminarlar keçirmişdir.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə müdiri Elşad Məmmədov vətəndaşların seçki prosesində iştirakı, seçkiqabağı təbliğat-təşviqat mərhələsində və səsvermə günü polis əməkdaşlarının hüquq və vəzifələri barədə danışmışdır.
Tədbirlərdə insan hüquqları üzrə müvəkkilin çoxşaxəli fəaliyyətində vətəndaşların seçki hüququnun təmini və həyata keçirilməsinin də mühüm yer tutduğu qeyd edilmişdir. Bələdiyyə seçkilərinin ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb etdiyi, səsvermənin mütəşəkkil, demokratik, şəffaf və qüsursuz keçirilməsinin zəruriliyi vurğulanmışdır. Seçki Məcəlləsinin müvafiq maddələri və bu məcəlləyə edilmiş son əlavə və dəyişikliklər barədə geniş məlumat verilmişdir.