SİYASƏT
BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ 26 MİN 769 NƏFƏRİN NAMİZƏDLİYİ TƏSDİQ EDİLMİŞDİR
Bakı, 31 oktyabr (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Oktyabrın 31-dək 1718 bələdiyyə üzrə 26 min 769 nəfərin namizədliyi təsdiq edilmişdir. Həmin şəxslərdən 5110-u qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 13 min 322-si ali təhsillidir.
Namizədliyi təsdiqlənmiş şəxslərdən 25 min 351 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, onların 11 min 161 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim etmişlər. Artıq 530 bələdiyyə üzrə 3456 nəfərin namizədliyi qeydə alınmışdır.
Namizədlikləri özü tərəfindən irəli sürülən şəxslərdən 7057 nəfəri bitərəfləri, digərləri isə 28 siyasi partiyanı əhatə edirlər. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürmüşlər.
Xatırladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.