Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“BƏLƏDİYYƏ TORPAQLARININ TORPAQ HƏRRACLARI VƏ YA MÜSABİQƏLƏRİ VASİTƏSİLƏ VERİLMƏSİNİN TƏNZİMLƏNMƏSİ MƏQSƏDİLƏ AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 28 OKTYABR TARİXLİ 709-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir;

2.2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22-ci və 23-cü bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər;

2.3. həmin Qanunun 22-ci bəndində nəzərdə tutulmuş daşınmaz əmlakın kadastr xəritəsindən çıxarışı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”nin 10.29-cu bəndinə və “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 286 nömrəli Fərmanının 6-cı bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kadastr məlumatları əsasında verir.

3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 577) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

3.1. adında, 2-ci bənddə, 3-cü bəndin birinci, ikinci və dördüncü abzaslarında və 18-ci bəndin birinci abzasında ismin müvafiq hallarında “icarə” sözü ismin müvafiq hallarında “mülkiyyət və ya icarə” sözləri ilə əvəz edilsin;

3.2. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, torpaq qanunvericiliyinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və dövlət və ya bələdiyyə torpaqları üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi qaydalarını müəyyən edir.”;

3.3. aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

“3-1. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslər bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə keçirilən torpaq hərracları və ya müsabiqələri zamanı bu Qaydalarda müəyyən edilmiş üstünlük hüququna malikdirlər.”;

3.4. 4-cü bənddən “qeydiyyat haqqının miqdarını,” sözləri çıxarılsın;

3.5. 5-ci bənd üzrə:

3.5.1. birinci, ikinci və beşinci abzaslarda “icarə obyekti” sözlərindən əvvəl “alqı-satqı və” sözləri əlavə edilsin;

3.5.2. üçüncü abzasda “planı (cizgisi)” sözləri “planı və ölçüsü” sözləri ilə əvəz edilsin;

3.6. 6-cı bəndin birinci abzasından “ərizəçilərin qeydiyyat haqqının köçürəcəyi ünvanı və müddəti müəyyən edir,” sözləri və üçüncü abzası çıxarılsın;

3.7. 7-ci bənd üzrə:

3.7.1. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“- hərrac addımını (ilkin qiyməti);”;

3.7.2. yeddinci abzas çıxarılsın və səkkizinci-doqquzuncu abzaslar müvafiq olaraq yeddinci-səkkizinci abzaslar hesab edilsin;

3.7.3. səkkizinci abzasda “icarə müqaviləsinin” sözləri “müvafiq müqavilənin” sözləri ilə əvəz edilsin;

3.8. 8-ci bənddən “icarə obyekti olan torpağın icarə haqqının aşağı həddinin 5 faizi həcmində qeydiyyat haqqının təşkilatçının hesabına vaxtında köçürülməsini təmin edən” sözləri çıxarılsın;

3.9. 9-cu bəndin üçüncü abzası çıxarılsın və dördüncü-beşinci abzaslar müvafiq olaraq üçüncü-dördüncü abzaslar hesab edilsin;

3.10. 10-cu bəndin beşinci abzası çıxarılsın;

3.11. 13-cü bənd üzrə:

3.11.1. birinci abzasın dördüncü cümləsində “İcarə haqqı” sözləri “Alqı-satqı qiyməti və ya icarə haqqı” sözləri ilə əvəz edilsin;

3.11.2. ikinci abzasın:

3.11.2.1. birinci cümləsində “icarəyə” sözündən əvvəl “mülkiyyətə və ya” sözləri, “icarə obyektinə” sözlərindən əvvəl “müvafiq olaraq alqı-satqı və ya” sözləri və “ən yüksək” sözlərindən sonra “alqı-satqı qiyməti və ya” sözləri əlavə edilsin;

3.11.2.2. ikinci cümləsində “Təkliflər bərabər olduqda müsabiqə komissiyası iddiaçılara” sözləri “Təkliflər bərabər olduqda “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslərə üstünlük verilir. Bərabər təkliflər verən iddiaçıların üstünlük hüququ olmadıqda müsabiqə komissiyası iddiaçılara və ya ən azı ikisinin üstünlük hüququ olduqda onlara” sözləri ilə əvəz edilsin;

3.12. 14-cü bənd üzrə:

3.12.1. birinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur.”;

3.12.2. ikinci abzasda “icarə predmetinin” sözləri “hərrac predmetinin” sözləri ilə, “icarə haqqının aşağı həddi” sözləri “ilkin qiyməti” sözləri ilə əvəz edilsin;

3.12.3. üçüncü abzasda “icarə haqqını” sözləri “qiyməti” sözü ilə, “icarə obyektini” sözləri “hərrac predmetini” sözləri ilə əvəz edilsin və “icarəyə” sözü çıxarılsın;

3.12.4. dördüncü-yeddinci abzaslar müvafiq olaraq beşinci-səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“- üstünlük hüququ olan hərrac iştirakçısı öz biletini qaldırmaqla belə hüququ olmayan digər hərrac iştirakçısı tərəfindən təklif edilən qiymətə bərabər qiymət təklif edə bilər. Üstünlük hüququ olan hərrac iştirakçılarının biletləri üstünlük hüququ olmayan hərrac iştirakçıların biletlərindən fərqlənməlidir;”;

3.12.5. beşinci abzas üzrə:

3.12.5.1. birinci cümlədə “icarə haqqını” sözləri “qiyməti” sözü ilə əvəz edilsin;

3.12.5.2. üçüncü-dördüncü cümlələr müvafiq olaraq dördüncü-beşinci cümlələr hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Birinci bilet qaldırmış üstünlük hüququ olmayan hərrac iştirakçısından sonra üstünlük hüququ olan hərrac iştirakçılarından bilet qaldıran olduqda hərracçı onun biletinin nömrəsini deyir.”;

3.12.5.3. beşinci cümlədə “İcarə obyektini” sözləri “Hərrac predmetini” sözləri ilə, “elan etdiyi qiymətə icarəyə” sözləri “elan etdiyi qiymətə (üstünlük hüququ olan hərrac iştirakçılarından isə belə hüququ olmayan digər iştirakçı tərəfindən təklif edilən son qiymətə)” sözləri ilə əvəz edilsin;

3.12.6. yeddinci abzasda “torpaq sahəsinin icarəyə verilməsini, icarə haqqının məbləğini” sözləri “hərrac predmetini, qiymətini” sözləri ilə əvəz edilsin;

3.12.7. səkkizinci abzasda “icarə haqqı” sözləri “qiymət” sözü ilə əvəz edilsin;

3.13. 15-ci bəndin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

“- hərrac predmetinin qiyməti.”;

3.14. 16-cı bəndin üçüncü abzasında “icarə haqqının aşağı həddi” sözləri “ilkin qiymət” sözləri ilə əvəz edilsin;

3.15. 17-ci bənddə “icarə haqqının şərtlərini” sözləri “ilkin qiyməti” sözləri ilə əvəz edilsin;

3.16. 18-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır.”.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin