Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“BƏLƏDİYYƏLƏRİN BİRGƏ FƏALİYYƏTİ, BİRLƏŞMƏSİ, AYRILMASI VƏ LƏĞV EDİLMƏSİ HAQQINDA” VƏ “BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ İNZİBATİ NƏZARƏT HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

I. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 704; 2008-ci il, № 5, maddə 354) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 2-ci maddənin birinci hissəsinin 2-ci bəndində “bələdiyyələrin birləşməsi barədə müsbət nəticə əldə edildikdə” sözləri “iştirak etmiş vətəndaşların yarısından çoxu bələdiyyələrin birləşməsinin “lehinə” səs verdikdə” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci hissəsi çıxarılsın.

2. 3-cü maddənin ikinci hissəsi çıxarılsın.

3. 6-cı maddədə “3-cü” sözü “8-1-ci” sözü ilə əvəz edilsin.

4. 8-ci maddədə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

4.1. birinci hissənin 1-ci bəndində “müvafiq uçot məlumatından” sözləri “ərazi vahidi kimi ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən” sözləri ilə əvəz edilsin;

4.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Ərazi vahidi kimi ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılan və ərazisi hüdudlarında bələdiyyənin mövcud olduğu digər ərazi vahidinin (şəhər, qəsəbə, kənd) ərazisinə birləşdirilən yaşayış məntəqəsinin hüdudlarında ləğv edilmiş bələdiyyənin mülkiyyəti və onunla bağlı hüquqlar (vəzifələr) hüquq varisliyi qaydasında müvafiq bələdiyyəyə keçir. Digər hallarda ləğv edilərək mövcudluğuna xitam verilmiş bələdiyyənin daşınar və daşınmaz əmlakı müvafiq icra hakimiyyəti orqanının sərəncamına verilir.”;

4.3. maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilsin:

“Ləğvetmə prosesində kreditorla hesablaşmalarda bələdiyyə torpaqlarından istifadəyə yol verilmir.

Ləğv edilmiş bələdiyyənin səlahiyyət müddəti bu barədə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu maddənin birinci hissəsinə uyğun olaraq qəbul edilmiş qərar qüvvəyə mindiyi gündən bitmiş hesab edilir.”.

5. Aşağıdakı məzmunda 8-1-ci maddə əlavə edilsin:

“Maddə 8-1. Bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı komissiyalar

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərar qüvvəyə mindikdən sonra bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri və bələdiyyə üzvlərindən ibarət komissiyalar yaradılır.”.

II. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 268; 2006-cı il, № 2, maddə 67) aşağıdakı məzmunda 6.0.7-ci maddə əlavə edilsin:

“6.0.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar.”.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin