MƏDƏNİYYƏT
“Bella Çao” sənədli filminin çəkilişlərinə başlanılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinskinin “Bella Çao” adlı filminin çəkilişlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə çəkilən film İkinci Dünya müharibəsi zamanı İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya qəhrəmanı Tahir İsayevin keçdiyi həyat yoluna fokuslanır. Filmin çəkilişləri Qazax rayonunda - qəhrəmanın ev-muzeyində lentə alınıb.
Qeyd edək ki, Tahir İsayev 1942-ci ildə Mozdokun ətrafındakı ağır döyüşlərdə yaralanaraq əsir düşüb və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə qoşulub. Döyüş yoldaşları tərəfindən “Serafino” adlandırılan T.İsayev “Fiamma Verdi” beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşub.
1945-ci ilin aprelin 25-də Milan şəhərinin faşistlərdən təmizlənməsində qəhrəmanlıq göstərib. O, Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində qəhrəmanlıq, yenilməz şücaət nümayiş etdirib. Həmyerlimiz İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunub.
Diqqətə çatdıraq ki, “Bella Çao” II Dünya müharibəsində İtaliya partizanlarının marş ya himn kimi ifa etdikləri, italyan xalq mahnısıdır. 1940-cı illərin dillər əzbərinə çevrilən bu mahnı bütün dünyada məşhurlaşır. Onun bir həkim və ya feldşer olan bir naməlum partizan tərəfindən bəstələndiyi zənn edilməkdədir.
Filmin ilk nümayişi aprelin 28-də baş tutacaq.