ELM VƏ TƏHSİL
Belqrad Universitetinin professorları ADU-da olublar
Bakı, 29 aprel, AZƏRTAC
Serbiya Respublikasının Belqrad Universitetinin Filologiya fakültəsinin professorları Gordana Cokoviç və Draqana Qruyiç “Erasmus +” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) ezamiyyətdə olublar.
ADU-dan AZƏRTAC-a bildirilib ki, onlar ezamiyyət müddətində prorektorlar Sevinc Zeynalova və Jalə Qəribova ilə birgə dəyirmi masada iştirak ediblər. Qonaqlar, həmçinin ADU-da fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, Filologiya fakültəsinin ingilis dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alan II və III kurs tələbələrinə təlim keçib, təhsil, ədəbiyyat mövzularında söhbətlər aparıb, serb və Azərbaycan xalqlarının mədəniyyətinin oxşar və fərqli cəhətləri barədə fikir mübadiləsi aparıblar.
Serbiyalı professorlar Bakının tarixi yerlərini ziyarət edib, milli mətbəximizlə tanış olublar.
Xarici qonaqlar ADU-da müəllim və tələbə heyəti üçün yaradılan dinamik tədris prosesi və Azərbaycanla bağlı zəngin təəssüratlarını serb tələbələrinə çatdıracaqlarını bildiriblər. Onlar 2018-ci ildə Belqrad Universitetində yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzinin də fəaliyyətinin davamlı və məhsuldar olması üçün əllərindən gələn dəstəyi göstərəcəklərini deyiblər.