CƏMİYYƏT
BELTA jurnalistlər üçün press-tur təşkil edib
Minsk, 28 sentyabr, AZƏRTAC
Belarus Teleqraf Agentliyi (BELTA) və Belarus Milli Turizm Agentliyi MDB ölkələrinin dövlət informasiya agentliklərinin jurnalistləri üçün press-tur təşkil edib.
Tədbirin əsas məqsədi Belarus Respublikasının turizm, mədəniyyət, iqtisadiyyat və istehsal potensialını təqdim etməkdir.
Jurnalistlərin Belarusun paytaxtı Minsk ilə tanışlığı “Şərəf kurqanın”dan başlayıb. Media təmsilçilərinə bu abidə haqqında məlumat verilib. Bildirilib ki, abidə 1941-1945-ci illərdə həlak olanların xatirəsinə ucaldılıb.
Jurnalistlərlə görüşündə BELTA-nın baş direktoru Dmitri Juk hər bir ölkədə baş verən proseslərin geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin rolunu qeyd edib, səfər iştirakçılarına uğurlar arzulayıb. Azərbaycan ilə bağlı təəssüratlarını bölüşən D.Juk Bakıya tez-tez gəldiyini deyib, AZƏRTAC ilə səmərəli əməkdaşlıqdan danışıb.
Baş direktor jurnalistlər üçün təşkil olunan press-turun dövlət informasiya agentlikləri arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyinə əminliyini bildirib.
Belarus Milli Turizm Agentliyinin direktoru Veronika Dorojko press-turun proqramı haqqında məlumat verib, jurnalistlərin öz ölkələrinə xoş təəssüratlarla qayıdacaqlarına ümidvar olduğunu söyləyib.
Jurnalistlər səfər çərçivəsində Minsk, Nesvij, Brest şəhərlərinin tarixi abidələri, muzeyləri, görməli yerləri ilə tanış olublar.
Press-tur sentyabrın 29-da başa çatacaq.
Kifayət Əliyeva
Pərvanə Rəhimova
Minsk, AZƏRTAC