SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresi Niderlandın televiziya kanalına etiraz məktubu ilə müraciət etmişdir
Paris, 19 noyabr (AZƏRTAC). Mənzil qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 11-də “Niderland-3” dövlət televiziya kanalının BNN proqramının səyahətdən bəhs edən “3 op Reis” verilişində niderlandlı jurnalist Patrik Ladiers heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası”na yeni səyahət marşrutunun olması barədə tamaşaçılara məlumat vermiş, hətta ayrıca bayrağı, ərazisi olan suveren “dövlət” kimi təqdim etməkdən çəkinməmiş, Dağlıq Qarabağa səyahət etmək arzusunda olanlara viza üçün Ermənistanın Niderland Krallığındakı səfirliyinə müraciət etməyi tövsiyə etmişdir.
BAK əsl həqiqəti əks etdirməyən, ermənilərin yalan və bədnam iftiralarına uyan hollandiyalı jurnalistin hazırladığı verilişlə bağlı BNN kanalına rəsmi müraciət etmişdir. Qurumun sədri Sahil Qasımovun imzaladığı müraciətdə səyahətlə bağlı “3 op Reis” verilişinin siyasiləşdirilməsini, faktı dəqiqləşdirmədən belə səthi verilişi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən xəbəri olmayan hollandlara təqdim edən jurnalistin hərəkətinin Benilüks məkanında yaşayan azərbaycanlıların və türk icmalarının ciddi narazılığına səbəb olmuşdur. Onlar erməni saxtakarlığı əsasında araya gələn bu üzdəniraq verilişi qətiyyətlə pislədiklərini bəyan etmişlər.
Müraciətdə qonşu dövlətlər hesabına öz ərazisini genişləndirmək iddiasında olan Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin işğal olunması, etnik təmizləmə siyasəti aparan erməni hərbi birləşmələrinin silah gücünə zorla doğma yurdlarından çıxardıqları bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamaları, ermənilərin Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşilik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ölkəmizin atdığı addımlar, Dağlıq Qarabağın tarixən Azərbaycanın əzəli ərazisi olması, dünya dövlətlərinin və beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıdıqları barədə geniş məlumat yer almışdır.
Vaxtilə yalanlar və böhtanlar üzərində qurulan erməni təbliğatına uyan avropalılar indi əsl həqiqəti dərk etməyə, erməni siyasətinin əsl mahiyyətini anlamağa, doğrunu yalandan ayırmağa başlamışlar. Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq üçün danışıqlara hazır olduğu, dünya ictimaiyyətinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi və haqq səsinə səs verməsi müraciətdə öz əksini tapmışdır.
Müraciətdə öz peşəsinə səhlənkar yanaşan jurnalistin məsələni ciddi araşdırmadan qeyri-dəqiq məlumata əsaslanan verilişi ortaya çıxarmaqla nəinki Azərbaycan xalqının hissiyyatına toxunmuş, eyni zamanda, həmvətənlərinə də yalan məlumat verməklə kanalı və orada çalışan həmkarlarını pis vəziyyətdə qoymuşdur. Bu, həm də jurnalistin öz peşəsinə hörmətsizliyidir.
BAK BNN kanalını, qeyri-dəqiqliyə yol verən jurnalisti Azərbaycan xalqından üzr istəməsini və verilişin internet saytından çıxarılmasını qətiyyətlə tələb edir və eyni zamanda, gələcəkdə belə verilişlərin kanalda bir daha yer almayacağına ümidvar olduğunu bəyan etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris