CƏMİYYƏT
“Bərabər keyfiyyətli təhsil və ömürboyu öyrənmək imkanları” mövzusunda videokonfrans keçirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Bərabər keyfiyyətli təhsil və ömürboyu öyrənmək imkanları” mövzusunda videokonfrans keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda çıxış edən partiyanın Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı, videokonfransın moderatoru Ramin Məmmədov iştirakçılara iclasın məram və məqsədi barədə məlumat verib.
Konfransda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədləri ilə müqayisədə daha geniş və qlobal sənəddir. 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üç əsas prinsip üzərində qurulub. Bunlardan birincisi olan universallıq prinsipinin bütün dünya ölkələrinə tətbiq edilməsi nəzərdə tutulur. Bu çərçivədə bütün inkişaf kateqoriyasına aid olan ölkələr üçün spesifik hədəflər müəyyənləşdirilib. Digər prinsip olan inteqrasiyalı yanaşma prinsipi bəhs edilən və digər strateji sənədlər çərçivəsində qəbul edilmiş məqsəd və hədəflərin bir-biri ilə uzlaşması məsələsini əks etdirir. BMT tərəfindən qəbul olunmuş bir sıra sənədləri dayanıqlı inkişaf məqsədlərinin hədəfləri ilə uyğunluq təşkil edir. Digər bir yanaşma isə “heç kimin geridə qalmaması” prinsipi ilə ifadə olunur.
Hüseyn Hüseynov deyib ki, Azərbaycan cəmiyyətinin hər bir üzvünün Dayanıqlı İnkişaf Gündəliyinin tələblərindən irəli gələn inkişafdan bəhrələnməsi və onların dayanıqlı inkişafına nail olunması üçün səylərinin artırılmasına geniş imkanlar yaradacaq. Eyni zamanda, elmi ictimaiyyətin, vətəndaş cəmiyyətinin, ayrı-ayrı sosial qrupların nümayəndələrinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində iştirakı 2030 Gündəliyinin icrasına töhfəsini verəcək.
Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu gün insanların həyat şəraitinin yaxşılaşdırılmasının və dayanıqlı inkişafın özülündə keyfiyyətli təhsil dayanır. Təhsilin bütün səviyyələrinə çıxış imkanlarının genişləndirilməsi və xüsusilə də qız və qadınların məktəblərdə qeydiyyat səviyyəsinin yüksəldilməsi sahəsində mühüm uğurlar qazanılıb. Əsas savadlılıq bacarıqları sahəsində böyük müvəffəqiyyətlər əldə olunsa da, universal təhsil məqsədlərinə nail olmaq üçün daha ciddi səylər göstərilməlidir. Təhsil dünyanın hər yerində hamının bütün qadın və kişilərin təməl hüququdur. Təhsil daha təhlükəsiz, sağlam, inkişaflı və ekoloji təmiz dünya üçün zəmin yaratmalı və eyni zamanda sosial, iqtisadi və mədəni tərəqqiyə, beynəlxalq əməkdaşlığa yol açmalıdır. Buna görə də cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir, ölkəmizdə onun inkişafı üçün ardıcıl işlər görülür.
Videokonfransda Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Şahin Seyidzadə və BMT-nin Rezident koordinator ofisinin tərəfdaşlıq üzrə müşaviri Şəms Mustafayeva çıxışında sürətlə dəyişən texnologiyalar və iqtisadi dəyişikliklər şəraitində ölkənin gələcək inkişafını təmin edəcək insan kapitalının yetişdirilməsinin mühüm vəzifə olduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, məhz təhsil sistemi insan kapitalının formalaşdırılmasını təmin edir. Təhsil üçün potensial çağırışları müəyyənləşdirən qlobal rəqabətin əsas dəyişiklikləri isə insan kapitalının kəmiyyət və keyfiyyəti, müxtəlif ictimai-iqtisadi çağırışlar qarşısında sosial davamlılığın dərəcəsi kimi faktorlarla xarakterizə olunur. Belə yanaşma isə ömürboyu təhsilin cəmiyyət həyatı üçün əhəmiyyətini bariz şəkildə ortaya qoyur. Ömürboyu təhsilə belə yanaşma Prezident İlham Əliyev tərəfindən 2013-cü il oktyabrın 23-də imzalanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapıb.
Sonda videokonfransda gənclərin sualları cavablandırılıb.