İDMAN
Bərdə Olimpiya İdman Kompleksi rayonda idmanın inkişafına öz töhfəsini verir
Bərdə, 5 yanvar (AZƏRTAC). 2003-cü ilin oktyabrında fəaliyyətə başlayan Bərdə Olimpiya İdman Kompleksi rayonda idmanın inkişafı və kütləviliyinin təmin olunmasına öz töhfəsini verməkdədir.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda kompleksdə cüdo, boks, kikboksinq, karate, sərbəst güləş, taekvondo, mini-futbol, üzgüçülük və universal döyüş növləri üzrə 234 nəfər yeniyetmə və gənc məşğul olur.
2012-ci ildə kompleksdə rayon və respublika səviyyəli bir sıra idman yarışları keçirilmiş, idman ictimaiyyəti və veteranlarla görüşlər təşkil olunmuşdur.
Rayonun idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda uğurla çıxış edirlər. Belə ki, 2012-ci ildə Ruslan Abbasov Hollandiyanın Amsterdam şəhərinin açıq birinciliyində taekvondo üzrə gənclər arasında 3-cü yerə, Tacir Məhərrəmli Bakı şəhərində keçirilən kikboksinq üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində 1-ci yerə, Kərimli Məhəmmədəli Türkiyənin İstanbul şəhərində gənclər arasında keçirilən dünya çempionatında 1-ci yerə, Əlizadə Nicat Ukraynanın Yalta şəhərində keçirilən dünya çempionatında 2-ci yerə, Ceyhun Novruzov Slovakiyada keçirilən dünya çempionatında 3-cü yerə layiq görülmüş, Eldar Abdullayev gənclər arasında Azərbaycan çempionu olmuşdur.