ELM VƏ TƏHSİL
Bərdə rayonunda yeni məktəb binaları istifadəyə verilmişdir
Bərdə, 16 sentyabr (AZƏRTAC). Yeni dərs ilinin ilk günündə Bərdə rayonunun təhsil həyatı üçün əlamətdar və yaddaqalan olmuşdur. Dövlət vəsaiti hesabına inşa edilmiş 220 yerlik Mirzalıbəyli kənd tam orta və 180 yerlik Qullar kənd ümumi orta məktəbləri müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon rəhbərliyinin, ictimaiyyətin, müəllim və şagirdlərin iştirakı ilə açılış mərasimləri keçirilmişdir. Çıxış edənlər son illər Azərbaycan təhsilinin inkişafı ilə bağlı görülmüş işlərdən, Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışmışlar.
Bildirilmişdir ki, bu il rayonun 75 ümumtəhsil məktəbində 21 minə yaxın şagird təhsil alacaqdır. Yeni dərs ilinə hazırlıqla əlaqədar şəhər 1 nömrəli, Yeni Əyricə və Qaradəmirçi kənd tam orta məktəblərinin binaları əsaslı, digər məktəblər cari təmir olunmuş, məktəblərə yeni inventar, avadanlıq, vəsait və dərsliklər verilmişdir. Yeni tədris ili ərəfəsində V və VI siniflərdə dərs deyəcək 800 fənn müəllimi kurikulum təlimlərinə cəlb edilmişdir.
Mərasimdə çıxış edən müəllim və şagirdlər, kənd ictimaiyyətinin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra mərasim iştirakçıları məktəblərdə yaradılmış şaraitlə tanış olmuşlar.