REGİONLAR
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki müəssisələr arasında əlaqələr genişlənir
Bərdə, 13 may, AZƏRTAC
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələri arasında əlaqələr genişlənir.
AZƏRTAC xəbər verir ki, regional idarənin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyindəki uşaq incəsənət məktəbi Bərdə nümayəndəliyinin qonağı olub.
Bərdə Mədəniyyət Mərkəzində əvvəlcə incəsənət məktəbinin şagirdlərinin çəkdikləri rəsmlərə baxış keçirilib. Rəssamlıq sinfinin şagirdlərinin əl işləri maraqla qarşılanıb. Sonra incəsənət məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təşkil edilib.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev çıxış edərək, nümayəndəliklər arasında əlaqələrin qurulmasının əhəmiyyətini yüksək qiymətləndirib, incəsənət məktəbinin kollektivinə uğurlar arzulayıb.
İncəsənət məktəbinin ansamblının ifasında təqdim edilən konsert proqramı iştirakçılara xoş anlar yaşadıb.
Qonaqlar sonra Bərdənin qədim tarixini əks etdirən abidələrlə tanış olublar.
Mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsi bundan sonra da davam etdiriləcək.