İQTİSADİYYAT
Bərdə və Cəlilabad rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qaz verilmişdir
Bakı, 4 oktyabr (AZƏRTAC). Bərdə və Cəlilabad rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə mərasimlər keçirilmişdir.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimlərdə İB-nin və rayon rəhbərliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Bərdə rayonunun Alaçadır qaçqın qəsəbəsinə ilk dəfə təbii qaz verilmişdir. Tədbirdə bildirilmişdir ki, 476 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 22 kilometrdən artıq müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 476 sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Həmin gün Cəlilabad rayonunun Təzəkənd kəndinə təbii qazın bərpası münasibətilə keçirilmiş mərasimdə qeyd edilmişdir ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 60 kilometr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və polad borularla məhəllədaxili qaz kəmərləri çəkilmiş, 441 sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri adıçəkilən yaşayış məntəqələrinin təbii qazla təchiz olunmasına görə minnətdarlıqlarını bildirmişlər.