REGİONLAR
Bərdə və ətraf rayonlardan olan sahibkarlara 1,3 milyon manat güzəştli kredit verilib
Bərdə, 27 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun oktyabrın 27-də Bərdə rayonunun Zümürxan kəndində keçirdiyi işgüzar forum çərçivəsində Bərdə və ətraf rayonlardan olan sahibkarlara 1,3 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, bağçılıq, çörək, quru meyvə istehsalı və sair sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dək yeni iş yerinin açılması mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan aqroparkın, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış “yaşıl market”in və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizinədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 min 340 investisiya layihəsinin maliyyələşdirilməsinə 543 milyon manat güzəştli kredit verilib. Bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Bərdə rayonundan olan üç minədək sahibkar 73,9 milyon manat güzəştli kredit əldə edib.
Forum çərçivəsində Bərdə rayonunun Mehdili kəndində güzəştli kredit ayrılan aqrar-sənaye kompleksinə baxış keçirilib.