BƏRDƏDƏ DÖVLƏT PROQRAMI UĞURLA HƏYATA KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şura iclasda indiyədək görülmüş işlərdən və gələcək planlardan söhbət açılmışdır. İcra hakimiyyətinin başçısı Elman Allahverdiyev qarşıda duran vəzifələrdən ətraflı danışaraq bildirmişdir ki, rayonda pambıqçılığı, taxılçılığı, heyvandarlığı, ipəkçiliyi, quşçuluğu, tərəvəzçiliyi inkişaf etdirmək, təzə istehsal sahələri yaratmaq, aqroservis mərkəzləri təşkil etmək, tikinti-abadlıq işlərini genişləndirmək nəzərdə tutulmuşdur. Ötən müddətdə 10-a yaxın istehsal sahəsi yaradılmış, heyvandarlıq kompleksləri fəaliyyətə başlamışdır. Sahibkarlığın inkişafı rayonda işsizlik probleminin aradan qaldırılmasına kömək edir. Son bir neçə ayda 354 nəfər işlə təmin olunmuşdur. Dövlət proqramına əsasən, rayonda yeni məktəb binaları, şəhid ailələri üçün yaşayış evləri inşa olunacaq, tibb, mədəniyyət müəssisələrində təmir-bərpa işləri aparılacaq, tikintisi yarımçıq qalmış bir sıra sosial obyektlərin inşası davam etdiriləcəkdir.