REGİONLAR
Bərdədə heyvandarlıq uğurla inkişaf etdirilir
Bərdə, 7 oktyabr (AZƏRTAC). Bərdə rayonunda kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlığın inkişafı istiqamətində işlər uğurla davam etdirilir.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 9 ayında təsərrüfatlarda 84 min 329 baş iribuynuzlu mal-qara, o cümlədən 38 min 707 baş inək və camış, həmçinin 134 min 100 baş qoyun və keçi olmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 2,4 faiz, qoyun və keçilərin sayı isə 2,5 faiz artmışdır.
Doqquz ay ərzində rayon üzrə 9.755 ton ət, 40 min 451 ton süd, 20,7 milyon ədəd yumurta və 380 ton yun istehsal edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 10,7 faiz, süd istehsalı 1,9 faiz, yumurta istehsalı 4,8 faiz çoxalmışdır.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılaraq daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə xarici dövlətlərdən cins mal-qara gətirilmiş, yeni süni mayalanma məntəqələri yaradılmışdır. Cari ildə rayon üzrə 1.815 baş inək və düyə süni yolla mayalandırılmış, 1.059 baş sağlam cins buzov alınmışdır.