CƏMİYYƏT
Bərdədə narkomaniyanın, erkən nikahların və dini radikalizmin fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbə tam orta məktəbində narkomaniyanın, erkən nikahın, dini radikalizmin fəsadları mövzusunda yuxarı sinif şagirdləri üçün növbəti maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin rəisi polkovnik Muradəli Babayev məktəbdə ibtidai siniflərin dərs prosesində iştirak edib, şagirdlərə tövsiyələrini verib.
Görüşdə şagirdlər fəallıq göstərib, suallara səlis cavab verməklə yanaşı, vətənimizi tərənnüm edən şeirlər söyləyiblər.
Daha sonra məktəbin akt zalında davam etdirilən tədbirdə M.Babayev müasir dövrdə bəşəriyyətin bəlasına çevrilən narkomaniyanın, erkən nikahın və dini radikalizmin cəmiyyət üçün dağıdıcı zərərlərindən, yol açdığı problemlərdən söz açıb. O, Azərbaycanda hər bir vətəndaşın inancına hörmətlə yanaşıldığını vurğulayıb. Təəssüf hissi ilə qeyd olunub ki, bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə çalışanlar da var. Polis rəisi məktəblilərə belə şəxslərin zərərli fikirlərindən uzaq olmağa, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etməyi, layiqli vətəndaş kimi yaşamağı tövsiyə edib.
Bərdə Regional Həkim Ambulatoriyasının rəisi, polis polkovnik-leytenantı Həbib Məmmədov narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb, belə maddələrə qurşananların sağlam həyata qayıtmasının çətin olduğunu vurğulayıb. Bütün bəşəriyyət üçün təhlükə mənbəyi olan narkomaniyaya qarşı ölkəmizdə qətiyyətli mübarizənin aparıldığını deyən natiq bu sahədə qəbul olunan dövlət proqramından, həyata keçirilən genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.