İQTİSADİYYAT
BƏRDƏDƏ YENİ AVTOVAĞZAL İSTİFADƏYƏ VERİLMİŞDİR
Bərdə, 8 avqust (AZƏRTAC). Bərdədə yeni avtovağzal binasının açılışı olmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı İlham Ağayev və Nəqliyyat Nazirliyinin Avtonəqliyyatservis Departamentinin rəisi Çingiz Baxşıyev çıxış edərək ölkədə və Bərdə rayonunda gedən sosial-iqtisadi inkişafdan, dövlətimizin başçının yol təsərrüfatına göstərdiyi diqqət və qayğıdan, son dövrdə yol tikintisi sahəsində görülən işlərdən danışmışlar.
Sonra qonaqlar avtovağzalın binası, burada yaradılmış şərait ilə tanış olmuşlar. İkimərtəbəli avtovağzal binası 120 nəfərlik gözləmə zalından, inzibati otaqlardan, tibb, ana-uşaq, qonaq, ibadət otaqlarından, konfrans zalından, 100 nəfərlik restorandan ibarətdir. Ümumi sahəsi 1,8 hektar olan vağzalın ərazisində sərnişinlər və sürücülər üçün məişət, ticarət, iaşə xidməti göstərəcək obyektlər də tikilmişdir. Avtovağzal gün ərzində 1500-2000 sərnişinə xidmət etmək, 80-100 avtomobili qəbul edib yola salmaq imkanına malikdir.