SİYASƏT
BƏRDƏDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASININ 17-Cİ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Bərdə, 21 noyabr (AZƏRTAC). Bərdədə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Muzeyinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
YAP Bərdə rayon təşkilatının sədri Emin Calalov partiyanın təsis olunmasının ildönümü ilə bağlı məruzə etmişdir. YAP-ın yaranmasını Azərbaycan xalqının həyatında, dövlətimizin tarixində mühüm hadisə adlandıran natiq, 1992-ci ilin noyabrında ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilən partiyanın ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, sosial-iqtisadi sahənin inkişafında mühüm rolundan, keçdiyi uğurlu yoldan danışmışdır.
Bildirmişdir ki, YAP-ın sədri, Prezident İlham Əliyev dövlət quruculuğunda olduğu kimi, partiya işində də ulu öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirir. Onun rəhbərliyi altında partiya daha da inkişaf etmiş, möhkəmlənmiş, sıraları genişlənmişdir.
Məlumat verilmişdir ki, 1993-cü il martın 13-də yaradılan YAP Bərdə rayon təşkilatı öz ətrafında 8 minə yaxın üzvü birləşdirir. Onlardan 2402 nəfəri gənclər, 2196 nəfəri qadınlardır. Dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlaşan partiyanın rayon təşkilatı tərəfindən yerli özünüidarəetmə orqanlarına 583 nəfər partiya üzvünün namizədliyi irəli sürülmüşdür.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik etmiş, öz ətrafında intellektual insanları birləşdirən YAP-ın ölkədə ən güclü və nüfuzlu siyasi qüvvə olduğunu vurğulamışdır.
Yığıncaqda YAP Bərdə rayon təşkilatının sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunmuş, rayon məktəbləri arasında keçirilən idman yarışlarının qalibləri mükafatlandırılmışdır.
Tədbirdə rayonun incəsənət ustaları maraqlı konsert proqramı nümayiş etdirmişlər.