REGİONLAR
Bərdəli fermerlər müasir becərmə texnologiyalarının tətbiqi ilə yerkökü istehsalında yüksək məhsuldarlığa nail olublar
Bərdə, 29 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda yerkökü istehsalı ilə məşğul olan fermerlər məhsul yığımına başlayıblar. Yerkökü istehsalçıları müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan, daha məhsuldar toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olublar.
Dörd hektar sahədə tirə üsulu ilə yerkökü becərən Soğanverdilər kənd sakini Allahverdi Abdullayev AZƏRTAC-ın müxbiri ilə söhbətində yeni texnologiya ilə becərmənin üstünlüklərindən danışıb. Bildirib ki, müasir üsulla əkilən yerkökü sahələrini becərmək əvvəlkinə nisbətdə daha çox vəsait tələb etsə də, yüksək məhsul almaq mümkündür. Yerkökü toxumu köhnə üsulla oktyabr ayında əkilirdisə, yeni üsulla may ayının sonunda arpa biçilmiş sahələrə əkilir. Bitkinin suvarılması damcı sistemi ilə həyata keçirilir. Damcı üsulu ilə suvarma zamanı suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otları azalır. Yerkökünün görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq yüksəlir.
Fermer qeyd edib ki, Türkiyədən gətirilmiş məhsuldar toxumun səpilməsi, tirə üsulu ilə becərmə, aqrotexniki qaydalara düzgün əməl edilməsi və damcı üsulu ilə suvarma nəticəsində sahələrdə bol məhsul yetişib. Əgər ənənəvi yolla becərmə zamanı məhsuldarlıq hər hektardan 20-25 ton olurdusa, yeni üsulla becərmə zamanı hektardan 60-80 ton yerkökü götürülür.
Torpaq mülkiyyətçiləri yerkökü istehsalının ən çətin mərhələlərindən biri olan yuyulub təmizlənməni də maşınlarla həyata keçirirlər. İndiyə qədər fermerlər yerkökünü kisələrə dolduraraq suyun içində yuyurdular. Yeni avadanlıq isə bu prosesi həm sürətləndirir, həm də daha ucuz başa gətirir. Bu maşınla 40 kisə yerkökü yarım saat ərzində yuyulur.
Mütəxəssislərin fikrincə, yerkökü becərilməsində yeni texnologiyanın tətbiqi nəticəsində bu məhsula olan tələbatın daxili istehsal hesabına ödənilməsi mümkündür.