DÜNYA
Berlin və Lepsiq şəhərlərində operativ xidmətlər çoxsaylı hücumlara məruz qalıb
Berlin, 3 yanvar, AZƏRTAC
AFR polisi Yeni il gecəsi onlarla qayda pozuntusunu, o cümlədən operativ xidmət əməkdaşlarına münasibətdə qayda pozuntularını qeydə alıb. Xüsusən, Berlin yanğınsöndürmə xidməti əməkdaşlarına 8, xidməti avtomobillərı 57 hücum barədə məlumat verilib. Hətta yanğınsöndürənlər odlu silahla hədələnib.
AZƏRTAC xəbər verir ki, Leypsiqdə naməlum şəxslər zibil qutularına və digər əşyalara od vurublar. Polisə və xidməti maşınlara daş, butulka və fişənglər atan, xəbərdarlığa məhəl qoymayan 40-50 nəfərlik dəstəyə qarşı su şırnaqlarından istifadə etmək məcburiyyəti yaranıb.
Ədliyyə naziri Xayko Mas xilasedici xidmətlərin əməkdaşlarına hücumu yolverilməz adlandıraraq, öz tvitter səhifəsində Bundestaq tərəfindən 2017-ci ilin aprelində bu cür hallara qarşı cəzaların sərtləşdiriməsini xatırladıb.
Saksoniya DİN-in rəhbəri Roland Vyoller “Die Welt” qəzetinə müsahibəsində bildirib ki, operativ xidmətlərə hücum edən şəxs hüquqi dövlətə və demokratiyaya hücum etmiş olur.
AFR-in daxili işlər naziri Yeni il gecəsi xidmətdə olanlara təşəkkürünü belə ifadə edib: “Siz Yeni ili bayram etmək əvəzinə, xidmətdə olmusunuz və bununla başqalarına bayramı keçirməyə şərait yaratmısınız”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin