MƏDƏNİYYƏT
Berlində azərbaycanlı rəssam Əşrəf Heybətovun əsərlərinin sərgisi açılmışdır
Bakı, 18 iyun (AZƏRTAC). İyunun 18-də Berlin məhkəməsinin Ədliyyə Qalereyasında Azərbaycanın Əməkdar Rəssamı, UNESCO-nun Rəssamlar Federasiyasının üzvü, Rusiya Rəssamlar İttifaqının üzvü, Almaniya Rəssamlar Birliyinin üzvü, Beynəlxalq “Dünya xalqlarının incəsənəti” Assosiasiyasının mükafatı laureatı Əşrəf Heybətovun əsərlərinin sərgisi açılmışdır.
Rəssam AZƏRTAC-a bildirmişdir ki, ekspozisiyada 30 əsər - Xəzərin dəniz mənzərələri və gül-çiçək rəsmləri silsiləsi təqdim edilir.
Azərbaycanlı rəssamın əsərləri ilk dəfədir ki, incəsənət üçün qeyri-adi sayılan bir yerdə nümayiş etdirilir.
Əşrəf Heybətov 1997-ci ildə Mayntsda “Bakı” Azərbaycan mədəniyyət cəmiyyəti yaratmışdır. O, ilk və yeganə Azərbaycan rəssamıdır ki, əsərləri Cenevrədə BMT sarayında, Rumıniyanın Prezident Sarayında, NATO-nun mənzil-qərargahında, İordaniya Kralının sarayında, Lüksemburq Hersoqunun iqamətgahında, Vatikan dəftərxanası sarayında, habelə Maltanın nüfuzlu salonlarında sərgilənmişdir.
Əşrəf Heybətovun Bibliya motivləri əsasında yaratdığı əsərlər isə Adenauer Fondunun dəstəyi ilə təşkil olunmuş sərgidə nümayiş etdirilmişdir.
Ə.Heybətov müxtəlif mövzularda bir sıra gözəl pannoların müəllifidir. Belə pannolardan biri - “11 sentyabr” əsəri şəxsən Nyu-York merinə təqdim edilmiş, buna görə mer həmyerlimizə təşəkkür məktubu yazmışdır. Rəssamın məşhur “20 Yanvar - Bakı” pannosu isə Azərbaycanın Müstəqillik Muzeyində saxlanılır.
“Türk dünyası” mövzusu Əşrəf Heybətovun yaradıcılığının əsas istiqamətlərindən biridir. O həmçinin, Roma Papasının, Angela Merkelin və Qyunter Qrassın portretlərinin müəllifidir.
Qeyd edək ki, Əşrəf Heybətov öz əsərlərini satmır, onları yalnız muzeylərə və sənət bilicilərinə bağışlayır.
Sərgi iyulun sonunadək davam edəcəkdir.