SİYASƏT
BERLİNDƏ “DAĞLIQ QARABAĞ - AZƏRBAYCANIN MƏDƏNİYYƏT BEŞİYİ” MÖVZUSUNDA ELMİ SİMPOZİUM KEÇİRİLMİŞDİR
Berlin, 1 dekabr (AZƏRTAC). Berlin şəhərindəki Brandenburq Elmlər Akademiyasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Almaniya-Azərbaycan Forumu “Dağlıq Qarabağ - Azərbaycanın mədəniyyət beşiyi” mövzusunda elmi simpozium keçirmişlər.
Tədbiri giriş sözü ilə Almaniya-Azərbaycan Forumunun sədri, Almaniyanın sabiq dövlət katibi O.Hauzer açmışdır. Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov və Milli Məclisin deputatı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəyasət heyətinin üzvü R.Rzayev simpoziumda çıxış etmişlər. Natiqlər uzun müddətdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına ciddi əngəl olduğunu, sabitliyə və davamlı sülhə təhlükə yaratdığını bildirmişlər. Onlar Ermənistanın işğal etdiyi əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın Azərbaycan xalqının zəngin mədəni-tarixi irsinin ayrılmaz və çox mühüm bir parçası olduğunu faktlarla göstərmişlər.
Daha sonra Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullayev “Dağlıq Qarabağ Azərbaycanın tarixində” adlı elmi məruzə ilə çıxış etmişdir.
Çıxışlardan sonra “Dağlıq Qarabağ münaqişəsi bundan sonra necə olacaq” mövzusunda “dəyirmi masa” keçirilmişdir. O.Hauzerin moderatorluq etdiyi “dəyirmi masa”da Almaniya tərəfindən AFR XİN-in bir vaxtlar ATƏT-in Minsk qrupunda nümayəndəsi, keçmiş səfir F.Lambax, Bundestaqın sabiq üzvü, hazırda AŞPA-da Almaniya nümayəndə heyətinin üzvü E.Lintner, Azərbaycan tərəfindən isə K.Abdullayev, Bakı Musiqi Akademiyasının rektoru F.Bədəlbəyli və deputat R.Rzayev iştirak etmişlər. Müzakirələrdə Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olmasından geniş bəhs edilmişdir. Müzakirələrdə bildirilmişdir ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini boşaltması sayəsində regionun sürətli inkişafı və hərtərəfli əməkdaşlıq təmin ediləcəkdir. Natiqlər Ermənistanı son vaxtlar güclü iqtisadi tərəqqi əldə edən Azərbaycandan nümunə götürməyə çağırmışlar. Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərlə, işğalçı siyasətlə heç nəyə nail olmayacağı bildirilmişdir.
Müzakirələrdən sonra “dəyirmi masa” iştirakçıları dinləyicilərin suallarını cavablandırmışlar.
Fasilədən sonra Azərbaycan incəsənət ustalarının ifasında qarabağlı bəstəkarların əsərlərindən parçalar və Azərbaycan xalq mahnıları səsləndirilmişdir. Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının, gənc muğam ifaçılarının çıxışları alqışlarla qarşılanmışdır.
Sonda Dağlıq Qarabağın mədəni-tarixi irsindən, habelə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən bəhs edən fotosərgi və Qarabağ xalçaları nümayiş etdirilmişdir.
Tədbirdə Almaniya Bundestaqının, müxtəlif dövlət qurumlarının, elmi mərkəzlərin, KİV-lərin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə Almaniyadakı Azərbaycan diasporunun fəalları iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin