İQTİSADİYYAT
Berlində keçirilən "Beynəlxalq Yaşıl Həftə - 2017"də Azərbaycanın 200-dən çox məhsulu nümayiş olunur
Berlin, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində işə başlayan ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2017" ("International Green Week - 2017") sərgisinə bu il Azərbaycan 9-cu dəfədir qatılır. Tədbirdə və Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumda Azərbaycan Respublikasından kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sərgi ilə yanaşı, Azərbaycanın milli stendinin açılışı da olub. Sərginin Azərbaycana aid pavilyonunda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, ölkəmizin Almaniya Federativ Respublikasındakı səfirliyi və AZPROMO-nun dəstəyi ilə respublikamızda istehsal edilən 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Tədbirə Kənd Təsərrüfatı Nazirliyinin və AZPROMO-nun nümayəndələri ilə yanaşı, 19 Azərbaycan şirkəti də qatılıb.
Azərbaycana aid pavilyonda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkətlərin məhsulları da nümayiş etdirilir.
Yanvarın 29-dək davam edəcək sərgi çərçivəsində iştirakçılara Azərbaycanın investisiya və biznes imkanları, kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullar barədə məlumat verilir. Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər paylanır.
Sərgidə və stendimizin açılışında Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.
Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar, həmçinin Almaniya Bundestaqının Cənubi Qafqaz parlament qrupunun sədri Karin Strents və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri baş çəkiblər.
Qeyd edək ki, Avropanın ən iri sərgilərindən biri hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox müəssisənin və 5 minədək media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin