SİYASƏT
Berlində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir
Berlin, 11 may (AZƏRTAC). Mayın 10-da Berlində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbir-konsert keçirilmişdir. Tədbir Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən təşkil olunmuşdur.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat vermişdir. Ulu öndərin Azərbaycan xalqının yaddaşında unudulmaz iz buraxdığını bildirən səfir onun istər sovet dövründə ölkəyə rəhbərlik edərkən, istərsə də müstəqil Azərbaycanda prezidentliyi dövründə xalqına böyük fədakarlıqla xidmət etdiyini qeyd etmişdir. Səfir ümummilli lider Heydər Əliyevi digər dünya siyasətçilərindən fərqləndirən xüsusiyyətlərinə toxunaraq onun dərin zəka, uzaqgörənlik, möhkəm yaddaş, xüsusi nitq qabiliyyəti və güclü vətənpərvərlik hissinə malik olduğunu diqqətə çatdırmışdır. P.Şahbazov Azərbaycanın Avropaya inteqrasiya siyasətinin əsasının məhz Heydər Əliyevin prezidentliyi dövründə qoyulduğunu və uğurla həyata keçirildiyini vurğulamışdır.
Almaniya Federativ Respublikasının Azərbaycandakı keçmiş səfiri, Klaus Qrevlix Heydər Əliyev ilə keçirdiyi görüşlərlə bağlı xatirələrindən və bu görüşlərin onun xatirəsində buraxdığı izlərdən geniş söhbət acmışdır. O, Heydər Əliyevi dünya miqyaslı siyasətçi, ölkəsinin mənafeyini hər şeydən üstün tutan və buna müvafiq siyasət aparan lider kimi xarakterizə etmişdir.
Sonra AAKM-in icraçı direktoru Samira Patser-İsmayılova “Heydər Əliyev və mədəniyyət” mövzusunda çıxış edərək konsertdə iştirak edən musiqiçiləri təqdim etmişdir.
Azərbaycanın Xalq Artisti Yeganə Axundova və alman musiqiçi Klaudia Şellenberqer milli və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə alman dövlət orqanlarının və ictimaiyyətin nümayəndələri, jurnalistlər və s. daxil olmaqla 200 nəfərə yaxın qonaq iştirak etmişdir. Mərasimdə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən kitablar da nümayiş etdirilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin