Berlində ÜST sammiti keçirilir
Bakı, 17 oktyabr, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sammiti işə başlayıb. Üçgünlük görüşə toplaşan dövlət, beynəlxalq təşkilat və müvafiq nazirliklər və idarələrin rəhbərləri səhiyyə sahəsində aktual məsələləri müzakirə edirlər. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, forumun mövzusu “Seçim sağlamlığın xeyrinədir”.
BMT-nin Baş katibi Antonio Quterreş ÜST sammitinin iştirakçılarını salamlayaraq bildirib ki, bəşəriyyətin hazırda yaşadığı yüksək risk və qeyri-müəyyənlik dövründə həm fiziki, həm də ruhi sağlamlıq məsələləri ön plana çıxır və bütün dünyada hökumətlərin diqqət mərkəzində olmalıdır.
“Hazırkı ərzaq, enerji və maliyyə böhranları ilə yanaşı COVID-19 pandemiyası yoxsulluğun və aclığın azaldılması, eləcə də 2030-cu ilədək davamlı inkişaf sahəsində Gündəliyin realizə edilməsi üzrə səyləri boşa çıxarıb”,- deyə A.Quterreş bildirib.
Birləşmiş Millətlər Təşkilatının rəhbəri təəssüflə etiraf edib ki, insanların sağlamlığı və rifahı üçün lazım olan xidmətlərin inkişafına dünyada çox az sərmayə qoyulur. O, qlobal təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə və fövqəladə sağlamlıq hallarına cavab verməyə hazırlığın artırılmasına çağırıb.
ÜST-nin Berlin sammitinin proqramından məlum olduğu kimi, onun iştirakçıları geniş spektrli məsələləri müzakirə etməli olacaqlar. Bunlar iqlim dəyişikliyinin insan sağlamlığına təsiri, qida sistemləri ilə səhiyyə arasındakı qarşılıqlı əlaqə və gələcək pandemiyalara hazırlığın təmin edilməsi sisteminin arxitekturasıdır. Bütün dünyada ictimai sağlamlıq sistemlərinin maliyyələşdirilməsi müzakirənin mühüm aspekti olacaq.
Almaniyanın paytaxtında keçirilən Forum oktyabrın 18-dək davam edəcək.