BERLİNDƏ YUBİLEY MƏRASİMİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasimdə Almaniyanın ətraf mühit, təbiəti mühafizə və nüvə reaktorlarının təhlükəsizliyi işləri naziri Yürgen Trittin, digər yüksək vəzifəli şəxslər, bundestaqın üzvləri, ətraf mühit, təbiətin mühafizəsi, genetik ehtiyatların öyrənilməsi, qorunması və onlardan səmərəli istifadə sahəsində elmi axtarışlar aparan tədqiqat mərkəzlərinin, ictimai təşkilatların və universitetlərin, maliyyə təsisatlarının nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları iştirak etmişlər.
Azərbaycanın ekologiya və təbii ehtiyatlar naziri Hüseynqulu Bağırovun təbriki Zukkov Fondunun rəyasət heyətinə təqdim edilmişdir.
Dövlət katibi doktor Froynd mərasimi açaraq, ekologiyanın qorunmasının bəşəriyyət üçün həyati məsələ olduğunu vurğulayaraq demişdir ki, Zukkov Fondunun Azərbaycanda uğurla həyata keçirdiyi “Milli mədəni və təbii irsin qorunub saxlanılması – Milli parklar proqramı” Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək, iqtisadi inkişafa və tərəqqiyə təkan verəcəkdir.
Fondun sədri professor Mixail Zukkov çıxışında Azərbaycanda həyata keçirdiyi “Milli parklar proqramı”nın nəticələrini açıqlayarkən Azərbaycan kimi nadir, füsunkar təbiətli ölkə, onun insanları, mədəniyyəti ilə tanış olmasından, xalqın qonaqpərvərliyindən məmnun qaldığını bildirmiş, bu proqramın reallaşdırılmasının gələcək nəsillərə çox vacib təbii irs qoyacağına əminliyini söyləmişdir.
Bakıda Zukkov Fondunun təsis edilməsinin beş və Azərbaycanla əməkdaşlığın üç illiyi münasibətilə mayın 30-da tədbir keçiriləcəkdir. Tədbir ərəfəsində Zukkov Fondunun Azərbaycan bürosunun açılışı planlaşdırılmışdır. Professor Martin Uppenbrink büronun rəhbəri təyin olunmuşdur.
Zukkov Fondunun Azərbaycanla əməkdaşlığı çərçivəsində respublikamızda olan alimlərin və ekspertlərin çıxışlarında ölkəmizin nadir, füsunkar təbiəti, flora və faunasının zənginliyi vurğulanmış, filmlər, xəritələr vasitəsilə nümayiş etdirilmişdir.
Təbrik nitqi ilə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Hüseynağa Sadıqov Mixail Zukkov Fondunun ölkəmizlə əməkdaşlığını yüksək qiymətləndirmiş və bunun daha da inkişaf etdirilməsini arzulamışdır. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində ölkəmizin təbiətinə də ağır zərbə dəydiyini xatırladan səfir demişdir ki, sərhəd çaylarına Ermənistandan axıdılan zərərli tullantıların vurduğu ziyan beynəlxalq ictimaiyyəti ciddi narahat etməlidir.