SİYASƏT
Berndə Azərbaycanın Zəfər, Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş rəsmi qəbul təşkil edilib
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 16-da İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycanın Zəfər, Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş rəsmi qəbul və konsert proqramı təşkil edilib.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin rəsmi açılış hissəsində qonqları salamlayan səfir Fuad İsgəndərov bu bayram günlərinin tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verib, azad edilmiş ərazilərdə şanlı Zəfərdən sonrakı dövrdə aparılan bərpa və yenidənqurma işləri barədə söhbət açıb, sülh danışıqlarının gedişatına diqqət çəkib. Səfir bu danışıqların tarixdə ilk dəfə olaraq tərəflər arasında birbaşa, hər hansı bir kənar xarici vasitəçilərin iştirakı olmadan oktyabrın 2-də Cenevrədə təşkil edildiyi üçün İsveçrə hökumətinə dərin təşəkkürünü bildirib, sülh prosesinə süni çətinliklər yaratmağa çalışan bəzi qüvvələrin cəhdlərini pisləyib. Qonaqlara bildirilib ki, Azərbaycanın sülh və yenidənqurma proseslərinə sadiq qalması Cənubi Qafqazın sabit və təhlükəsiz inkişafına təkan verməklə regionu Avropa və Asiyanı möhkəm tellərlə birləşdirən məkana çevirir.
Tədbir rəsmi açılış hissəsindən sonra konsert proqramı ilə davam etdirilib. Proqramın əvvəlində İsveçrədə qaçqın kimi müvəqqəti məskunlaşmış Azərbaycan əsilli Ukrayna vətəndaşları Səfərova Elnurə və Əminə bacıları digər yeniyetmələrdən ibarət rəqs qrupu Azərbaycanın milli rəqs nümunələrini ifa ediblər.
Proqram Sürix Ali İncəsənət Məktəbinin magistr pilləsində təhsil alan azərbaycanlı skripkaçı Cəmilə Qarayusiflinin başçılıq etdiyi və isveçrəli musiqiçilərdən ibarət “Trio Areal” üçlüyünün çıxışı ilə davam edib, dünyaşöhrətli azərbaycanlı və xarici bəstəkarların klassik əsərləri ifa olunub.
Tədbirdə başda Azərbaycan-İsveçrə Hökumətlərarası İqtisadi Komissiyanın İsveçrədən olan həmsədri Ervin Bollinger, Xarici İşlər Federal Departamentinin Dövlət Katibinin müavini Anna İfkoviç olmaqla İsveçrənin yüksək səviyyəli rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diaspora nümayəndələri, İsveçrənin ictimaiyyəti və mətbuat nümayəndələri iştirak ediblər.
Çıxışlar, konsert proqramı, həmçinin verilən rəsmi qəbul yüzlərlə iştirakçı və tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb və İsveçrə cəmiyyətində böyük əks-səda doğurub.
Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil olunub.