İDMAN
Berti Foqts: Zədəli futbolçuların Azərbaycan – Lüksemburq oyununadək tam formaya düşüb-düşməyəcəyini bilmirik
Bakı, 5 iyun (AZƏRTAC). Bir neçə gündür məşq edirik. Hazırlıqdan razıyam. Şadam ki, Qətər yığması ilə oynamaq imkanımız oldu və bizi dəvət etdiklərinə görə onlara minnətdaram.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 5-də “Sheraton Baku Airport Hotel”də Azərbaycan – Lüksemburq oyununa həsr olunmuş mətbuat konfransında futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts demişdir.
Bildirmişdir ki, çempionat bir neçə həftə əvvəl başa çatdığına və futbolçular məşq etmədiklərinə görə bu yoldaşlıq görüşü bizim üçün vacib idi. Zədəli futbolçularımız vardır. Onların oyunadək tam formaya düşüb-düşməyəcəyini bilmirik.
B.Foqts qeyd etmişdir ki, bəzi futbolçulardan Lüksemburqdakı oyunda razı qalmamışdım. İnanıram ki, onlar Bakıdakı oyunda “borc”larını qaytaracaqlar. Hər bir futbolçumuz əlindən gələni əsirgəməsə, qalib gələcəyik. Sözsüz ki, qələbəni qazanmaq lazımdır. Bizə qələbəni heç kim, o cümlədən Lüksemburq yığması hədiyyə etməyəcəkdir.
Vurğulamışdır ki, hücumlarımızı cinahlardan qurmalıyıq. Buna mərkəzdən cəhd etsək, onlara qol vurmaq çətin olacaqdır. Hələ qarşıda iki məşqimiz qalıb, standart vəziyyətlər üzərində də çox işləyirik. İyunun 7-də qalib gəlmək barədə düşünürük.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-də Bakıdakı “Bakcell Arena”da Azərbaycan və Lüksemburq komandaları üz-üzə gələcəklər.