İQTİSADİYYAT
“B.EST Solutions” Dünya İqtisadi Forumu tərəfindən blokçeynin inkişaf etdirilməsi üzrə instrumentarinin yaradılmasına töhfə verib
Bakı, 7 may, AZƏRTAC
“ASAN İmza”nın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan “B.EST Solutions” şirkəti Dünya İqtisadi Forumu və 100-dən çox təşkilatla birlikdə keçən il təchizat sistemi sahəsində blokçeynin inkişaf etdirilməsi üzrə instrumentarinin yaradılması üzərində çalışıb. İnstrumentari real vaxt rejimində blokçeynin inkişaf etdirilməsinin təhlili və nəzarət siyahıları, elektron cədvəllər kimi interaktiv alətlər yaratmaqla təşkilatlara qabaqcıl təcrübəni tətbiq etmək və inkişaf mərhələsinin başlanğıcında baş verən bahalı səhvlərdən qaçmağa kömək etmək məqsədilə buraxılıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, COVID-19 qlobal təchizat sistemlərindəki mövcud problem və boşluqlara işarə etdi. Dünya İqtisadi Forumu təşkilatlara dəstək vermək üçün "Etibarın yenidən təşkili: təchizat zəncirində əsas diqqət mərkəzində olan blokçeynin inkişaf etdirilməsi üçün bir instrumentari" adlı öz instrumentarisinin buraxılışını sürətləndirdi. İnstrumentari “http://wef.ch/blockchain-toolkit” saytında yerləşdirilib.
İnstrumentari Dünya İqtisadi Forumu tərəfindən “Hitachi”, “Deloitte” və “Saudi Aramco”dan olan həmkarları ilə birlikdə Dördüncü Sənaye İnqilabı Mərkəzi üçün hazırlanıb. Əllidən çox ölkədən olan digər iştirakçılar arasında Birləşmiş Ərəb Əmirliklərindəki Dördüncü Sənaye İnqilabı Mərkəzi, Los Angeles Limanı, “Latham & Watkins”, Cardiff Biznes məktəbi, Berkli Universiteti, “B.EST Solutions”, “Tech Mahindra”, “Maersk Angola”, Dünya Bankı, Mərkəzi Amerika İnkişaf Bankı, Dünya Qida Proqramı və sair var.
“Və soruşa bilərsiniz ki, təchizat sisteminin rəqəmsallaşdırılmasının nə faydası var? Çox sadə. Elektron ticarət üçün lazımi imkanları olmayan və ya onlara malik olmayan bir ölkə güclü iqtisadi əlaqələrə sahib ola bilməz, çünki iqtisadi əlaqələrin mövcudluğu ticarət forması hesab edilir. Bu instrumentari hər kəsə rəqəmsal identifikasiyanı daha yaxşı anlamağa və onu mümkün qədər əlçatan olmağa kömək edəcəkdir”, - deyə instrumentarinin yaradılması üzrə iştirakçı, Milli Mobil İdentitetlərin Qlobal İttifaqının həmsədri, “B.EST Solutions” şirkətinin təsisçisi və direktoru xanım Jana Krimpe bildirib. O, eyni zamanda, qeyd edib: “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı dövlət-özəl tərəfdaşlığına əsaslanan qlobal həllərdən biridir, o, bu instrumentaridən mütləq faydalanacaqdır və instrumentaridən bəzi tövsiyələr artıq yerinə yetirilib”.
“... Mövcud pandemiyadan çox dərs almaq olar. Bu instrumentari uzunmüddətli pandemiyaya hazırlığının artması, eləcə də dövlət-özəl tərəfdaşlığının rəhbərliyi ilə tezliklə iqtisadi bərpa üçün başlanğıc nöqtəsidir”, - deyə ABŞ-ın Dünya İqtisadi Forumunda “Blokçeyn və rəqəmsal valyuta” layihəsinin rəhbəri Nadia Hyuit bildirib.
İnstrumentari bütün kritik sektorlarda rəqəmsal xidmətlərin yaradılması və inkişaf etdirilməsinin, həmçinin mövcud xidmətlərin rəqəmsallaşdırılmasının vacibliyini göstərir. Ticarətin rəqabət qabiliyyətini artırmaq üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə rəqəmsal xidmətlərdən istifadə etmək lazımdır. Layihə iştirakçılarının və cəmiyyətin tam siyahısı “https://widgets.weforum.org/blockchain-toolkit/contributors” veb-saytında mövcuddur.