Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə Beyləqan rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, bir sıra sosial yönümlü obyektlər istifadəyə verilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən yeni yollar çəkilmiş, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılmış, geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2012-ci il.