MƏDƏNİYYƏT
Beyləqanda Beynəlxalq Muzeylər Günü qeyd olunmuşdur
Beyləqan, 18 may (AZƏRTAC). Beyləqan tarix-diyarşünaslıq muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından, tariximizin, mədəniyyətimizin öyrənilməsində, qorunmasında və təbliğində muzeylərin rolundan danışmışlar.
Məlumat verilmişdir ki, Beyləqan tarix-diyarşünaslıq muzeyi 1981-ci ildə ümummilli lider Heydər Əliyevin regionlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması ilə bağlı tarixi qərarı əsasında yaradılmışdır. 2009-cu ildə yeni əraziyə köçürülən muzeyin sahəsi 220 kvadratmetr, açıq səma muzeyinin sahəsi isə 1600 kvadratmetrdir.
Hazırda 4 min 500-dən çox eksponatı olan muzeydə tunc, dəmir, erkən orta əsrlərə və orta əsrlərə aid gil, saxsı, mis qablar, sənətkarlıq nümunələri, bəzək əşyaları, şirli qablar, dulusçu möhürləri, şirəli və şirəsiz qab nümunələri, dəyirman daşı, küplər, XIX əsrə aid xurcun, heybə, çuval, fərmaş, arxalıq-qadın geyimi, vəl, xış, çoban yapıncısı və sair nümayiş etdirilir. Muzeyin ərazisində açıq səma altında dövlətçiliyimizin 5 min illik tarixini əks etdirən qranit kitabələr tarixi ardıcıllıqla yerləşdirilmişdir.
Mərasimdə məktəblilərin ifasında şeirlər və mahnılar səslənmiş, ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Tədbir çərçivəsində tarix, şeir və rəsm müsabiqələri keçirilmiş, qaliblərə fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.