REGİONLAR
Beyləqanda Novruz bayramı ilə əlaqədar satış-yarmarka təşkil edilmişdir
Beyləqan, 15 mart (AZƏRTAC). Beyləqan şəhərində Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunmuşdur.
Əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkaya meyvə-tərəvəz, ət, balıq, yağ, yumurta, süd məhsulları çıxarılmışdır. Qiymətlər bazara nisbətən orta hesabla 20-30 faiz ucuz olmuşdur. Məsələn, bazarda mal ətinin kiloqramı 7-8 manat olduğu halda, yarmarkada 6 manata, kiloqramı 9-10 manata satılan qoyun əti 7-8 manata, kənd toyuğu 4 manata, kənd yumurtası isə 10 qəpiyə təklif edilmişdir.
Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razı qalmışlar.