İQTİSADİYYAT
Beyləqanda sahibkarlara güzəştli kreditlər verilmişdir
Beyləqan, 10 iyun (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (İİN SKMF) “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini iyunun 10-da Beyləqan rayonunda keçirmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkar iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl əsas hissəsi SKMF-in güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Beyləqan rayonundakı “Əkinçi-Bo fermer təsərrüfatı” MMC-yə məxsus tutumu 6,5 min ton olan soyuducu anbar kompleksində aparılan tikinti işlərinə, müasir suvarma sistemləri ilə təchiz olunmuş 100 hektarlıq soğan əkini sahəsinə və “Azqida” MMC-nin inşa etdirdiyi illik istehsal gücü 6 min ton olan süd emalı müəssisəsində aparılan tikinti işlərinə baxış keçirilmişdir.
Tədbirdə Beyləqanın iqtisadi potensialına uyğun olaraq, müasir texnologiyaların tətbiqi ilə ətlik istiqamətli quşçuluq təsərrüfatının, müasir ətlik və ya südlük istiqamətli cins heyvandarlıq kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev xalqımızın sosial rifahına xidmət edən, milli iqtisadi inkişaf modelinin tərkib hissəsi olan məqsədli dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Beyləqanın da sosial-iqtisadi mənzərəsinin dəyişdiyini bildirmişdir.
Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev dövlətimizin başçısının rəhbərliyi ilə uğurla icra edilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu qeyd etmiş, nazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Beyləqan rayonunda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Aran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 39 sahibkarlıq subyektinə 444 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 65 yeni iş yerinin yaradılması nəzərdə tutulur.