Beyləqanda şəhid ailələri ilə görüş keçirilib
Beyləqan, 12 avqust, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində Dünyamalılar kənd şəhidlərinin ailələri və doğmaları ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova çıxış edərək, Azərbaycan Ordusunun 44 günlük müharibədəki şücaətindən söhbət açıb. Bildirilib ki, Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları öz canları-qanları bahasına 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdilər. 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə yazıldı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlıda qürur hissi yaradır.
Diqqətə çatdırılıb ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır və aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Çıxış edən şəhid valideynləri xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğulların əməyini qiymətləndirdiyi və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.