İQTİSADİYYAT
Beyləqanda sosial-iqtisadi inkişaf davam edir
Beyləqan, 2 noyabr (AZƏRTAC). Cari ilin doqquz ayında Beyləqan rayonunda istehsal olunmuş məhsulların və əhaliyə göstərilən xidmətlərin həcmi 96,4 milyon manat təşkil etmişdir. Bu, 2010-cu ilin müvafiq dövrü ilə müqaisədə 42,2 faiz çoxdur.
Bu dövrdə 4,2 milyon manatlıq sənaye, 59,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 11,3 milyon manatlıq tikinti quraşdırma işləri görülmüş, əsas kapitala 13,3 milyon manat məbləğində investisiya yönəldilmişdir.
Bu faktlar rayonda 2011-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş hesabat yığıncağında səsləndirilmişdir.
Qeyd olunmuşdur ki, hesabat dövründə 360 şagird yerlik orta məktəb binası, Şəfəq qəsəbəsində gündəlik istehsal gücü 15 ton olan yağ-pendir zavodu, 6,5 min ton tutumu olan soyuducu anbar, “Ekologiya parkı”, təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün 48 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
Təsərrüfatlarda 55 min 262 baş iribuynuzlu mal-qara, 289 min 736 baş qoyun və keçi, 442 min 875 ədəd ev quşu var. Rayonda bu il 56,5 min ton taxıl, 3 min 48 ton kartof, 11 min 239 ton tərəvəz, 4 min 819 ton bostan məhsulları, 955 ton pambıq, habelə 5 min 174 ton ət, 27 min 943 ton süd, 12 milyon 596 min yumurta, 510 ton yun istehsal edilmişdir.
İlin doqquz ayında rayonda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 6 min 81 nəfərə çatmışdır.