REGİONLAR
Beyləqanda Tarla günü keçirilmişdir
Beyləqan, 7 sentyabr (AZƏRTAC). Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu və Beyləqan Regional Aqrar Elm Mərkəzinin təşkilatçılığı ilə rayonun Şəfəq qəsəbəsi ərazisində Tarla günü - elmi-praktik seminar-müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, fermer Mehman Həsənovun tarlasında keçirilən tədbirdə aqrar sahə üzrə alimlər, Ağcabədi, Beyləqan, Füzuli və İmişli rayon icra hakimiyyətlərinin nümayəndələri, pambıqçılıqla məşğul olan fermerlər iştirak etmişlər.
Tədbir iştirakçıları Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yetişdirilən “Aznixi 195”, “Gəncə-2”, “Gəncə-80”, “Gəncə-78”, “Gəncə-103”, “Gəncə-110” pambıq sortları ilə tanış olmuşlar.
Məlumat verilmişdir ki, yerli pambıq sortları tez yetişən və məhsuldar olduğundan qeyri-sabit havanın məhsuldarlığa təsiri minimuma endirilir. Yerli sortlar yüksək aqrotexniki qulluq nəticəsində hər hektardan orta hesabla 50 sentner məhsul vermək iqtidarındadır. Yerli pambıq sortları 120-128 günə yetişdiyi halda, xaricdən gətirilən pambıq sortları 148-160 günə ərsəyə gəlir. Məhsulun vaxtında və itkisiz yığılması növbəli əkin sisteminin tətbiqinə imkan yaradır.
Tədbirin əsas məqsədi fermerlərə respublikanın torpaq və iqlim şəraitinə uyğun yetişdirilən yerli pambıq sortlarını təbliğ etmək olmuşdur.