SİYASƏT
BEYLƏQANDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ ANILMIŞDIR
Beyləqan, 12 dekabr (AZƏRTAC). Ulu öndər Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə bağlı dekabrın 12-də Beyləqan rayonunda anma mərasimi keçirilmişdir. Səhər saatlarından başlayaraq minlərlə beyləqanlı həzin musiqi sədaları altında dahi şəxsiyyətin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Rayon İcra hakimiyyətinin başçısı İrşad Əliyev, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri mərasimdə iştirak etmişlər.
Anma mərasimindən sonra rayon rəsmiləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev muzeyinə gələrək ulu öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. İrşad Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təhlükə altında olduğu bir dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından, ölkəni ağır iqtisadi və siyasi böhrandan xilas etməsindən danışmışdır.
Sonda ümummilli liderin həyatına həsr edilmiş sənədli film nümayiş olunmuşdur.