REGİONLAR
Beyləqanlı gəncin onlayn şeir ifası və aktyor məharəti tamaşaçıların rəğbəti ilə qarşılanıb
Beyləqan, 22 avqust, AZƏRTAC
COVID-19 infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilmiş sosial təcrid şəraitində Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan Beyləqan rayonunun mədəniyyət işçiləri işlərini pandemiya dövrünün qaydaları əsasında qurmaqla fəaliyyətlərini onlayn həyata keçirirlər. Mədəniyyət işçiləri ölkəmizin mədəni irsinin təbliğ edilməsi, görkəmli, elm, mədəniyyət və dövlət xadimlərini dünyaya tanıtmaq məqsədilə yüzlərlə videoçarx hazırlayaraq onlayn qaydada yayımlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan Rayon Mədəniyyət Mərkəzinin “Gənclik Xalq Teatrı”nın əməkdaşı Sevinc Məmmədzadənin Azərbaycan şairləri Səməd Vurğun və Nüsrət Kəsəmənlinin şeirlərini onlayn ifası ən çox tamaşaçı rəğbəti qazanmış videoçarxlar sırasına daxil olub. Sevinc Məmmədzadə aktyor məharəti və tamaşaçı rəğbətinə görə fəxri fərmanla təltif olunub. Fəxri fərman Sevinc Məmmədzadəyə Beyləqan rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin iştirakı ilə təqdim edilib.