REGİONLAR
Beyləqanlılar Vətənin müdafiəsinə hazırdırlar VİDEO
Beyləqan, 20 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, “Vətənin müdafiəsinə hazıram!” mövzusunda növbəti tədbir Beyləqan Rayon İcra Hakimiyyəti ilə birgə Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Kütləvi tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən beyləqanlılar Vətənimizin müdafiəsinə, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazırdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən, bu sahədə əldə olunan uğurlardan danışıb. Bildirib ki, Azərbaycan ordusunun cəbhə xəttində düşməni ağır məğlubiyyətə uğratması işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün yaxında olduğundan xəbər verir. Əgər düşmən işğal etdiyi əraziləri sülh yolu ilə azad etməsə, bu işi Azərbaycan ordusu yerinə yetirəcək.
“Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev çıxışında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizdə bu istiqamətdə, həmçinin ordu quruculuğu sahəsində görülən işləri yüksək qiymətləndirib, Silahlı Qüvvələrimizin son döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıb.
Tədbirdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Tədbir rayon məktəblilərinin və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında konsert proqramı ilə davam edib.