İDMAN
Beynəlxalq Ağır Atletika Federasiyasının vitse-prezidenti vəzifəsinə Azərbaycanın gənclər və idman nazirinin müavininin namizədliyi irəli sürülmüşdür
Bakı, 14 may (AZƏRTAC). Mayın 19-22-də Moskvada Beynəlxalq Ağır Atletika Federasiyasının (BAAF) iclası keçiriləcəkdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov demişdir.
Bildirmişdir ki, iclas çərçivəsində İcraiyyə Komitəsinin heyəti müəyyənləşdiriləcək və rəhbər vəzifələrə seçkilər keçiriləcəkdir. İcraiyyə Komitəsinə üzv və vitse-prezident vəzifələrinə gənclər və idman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılovun da namizədliyi irəli sürülmüşdür.
Vurğulamışdır ki, həmçinin bu iclasda ağır atletikanın 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına salınması istiqamətində mühüm addımlar atıla bilər. BAAF idmanın bu növünün Avropa Oyunlarının proqramına salınması ilə bağlı yerli federasiyaya müraciət etsə də, Avropa Ağır Atletika Federasiyası tərəfindən müraciət olunmamışdır.