DÜNYA
Beynəlxalq Atom Enerjisi Agentliyi Ukraynadakı vəziyyətə münasibət bildirib
Bakı, 22 iyul, AZƏRTAC
Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) Baş direktoru Rafael Qrossi Zaporojya AES-də vəziyyətlə bağlı Rusiya ilə təmasları vacib hesab edir.
AZƏRTAC xəbər verir ki, Rafael Qrossi bu barədə “Pais” nəşrinə müsahibəsində deyib. “Nüvə qurğusuna nəzarət edən tərəflə açıq dialoqu davam etdirmək lazımdır”, - deyə IAEA-nın baş direktoru bildirib.
Onun fikrincə, hazırkı vəziyyət paradoksal və son dərəcə qeyri-sabitdir. Rafael Qrossi hər iki tərəflə apardığı danışıqlarda müfəttişlər qrupunun atom elektrik stansiyasına baxış keçirməsi məsələsində israr etsə də, buna nail olmadığını qeyd edib.
Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojya AES Ukraynanın elektrik enerjisinin dörddə birini istehsal edirdi. Stansiyada yerləşən altı enerji blokunda ümumilikdə təxminən 6 min meqavat elektrik enerjisi generasiya olunurdu. Hazırda Rusiya hərbçilərinin nəzarəti altında olan, lakin ukraynalı operatorlar tərəfindən idarə edilən AES tam gücünün yalnız 70 faizi qədər enerji istehsal edə bilir.