SİYASƏT
Beynəlxalq “Caspian Energi İntegration Award-2013” mükafatının təqdimolunma mərasimi keçirilmişdir
Bakı, 18 mart (AZƏRTAC). Martın 18-də 9-cu Beynəlxalq “Caspian Energi İntegration Award-2013” mükafatının təqdimolunma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mükafatın təsisçisi, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun icraçı direktoru Telman Əliyev çıxış edərək klubun sədri, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmişdir.
Qeyd olunmuşdur ki, klub internet vasitəsilə dünyanın 50 ölkəsində sorğu keçirərək ictimai xadimləri, dövlət məmurlarını, şirkət və təşkilatları il ərzində əldə etdikləri uğurlara görə mükafatlandırır. Klubun fəxri üzvləri olan Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyi dövlətlərinin prezidentləri, baş nazirləri, səfirlər Prezident İlham Əliyevin Xəzər, Qara dəniz və Baltikyanı regionda biznes mühitinin yaxşılaşdırılması təşəbbüsünü bəyənmiş və klubun işində fəal iştirak etməyə başlamışlar.
Sənaye və Energetika naziri Natiq Əliyev demişdir ki, “Caspian Energi İntegration Award-2013” beynəlxalq mükafatının təsis olunması və xarici şirkətlərin bu mərasimdə iştirakı Azərbaycanın iqtisadi inkişafını göstərir. Ötən il ölkədə böyük iqtisadi layihələr həyata keçirilmişdir ki, bu layihələr də biznes mühitinin genişlənməsinə və şəffaflığın artırılmasına şərait yaratmışdır. Mükafatın əhəmiyyətindən danışan nazir bildirmişdir ki, cəmiyyət Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna üzv olan şirkətlərin fəaliyyətini yaxından izləyir, onların iqtisadi inkişaf və yeni iş yerlərinin açılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir ki, ötən il informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində Azərbaycan üçün uğurlu olmuşdir. Cari il dövlət başçısı tərəfindən İKT ili elan edilmişdir. Buna görə də nazirlik böyük layihələrin həyata keçirilməsi üçün plan hazırlamışdır. Ötən il isə Azərbaycan ilk dəfə olaraq özünün milli süni peykini orbitə çıxarmışdır. Bu olduqca vacib məsələdir. Məhz bu peyk vasitəsi ilə gələcəkdə Azərbaycanda İKT digər ölkələrə nisbətən daha sürətlə inkişaf edəcəkdir. Prezidentin sərəncamı ilə İKT universitetinin yaradılması üçün də konkret addımlar atılmaqdadır.
Nazirlər Kabinetinin sənaye və energetika şöbəsinin müdiri Şirin Şirinov demişdir ki, bu mükafatın təsis olunması Azərbaycan şirkətlərinin beynəlxalq aləmdə tanınmasına və fəaliyyətlərinin genişlənməsinə köməklik göstərir.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Marninqstar bildirmişdir ki, klub regiondakı dövlətlərdə fəaliyyət göstərən şirkətlərin qarşılıqlı əməkdaşlığını təşkil etmiş, onların investisiya yatırmaq istəklərini reallığa çevirmişdir.
Xəzər regionu ilə yaxından tanış olduğunu nəzərə çatdıran amerikalı səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə birlikdə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərini müzakirə etdiklərini xatırlamış, Azərbaycanın uğurlu enerji siyasətinin formalaşmasında Heydər Əliyevin xüsusi rolunu qeyd etmişdir. BTC-nin Azərbaycan xalqının həyatında mühüm yer tutduğunu bildirən səfir demişdir ki, ABŞ hökuməti Xəzərin karbohidrogen ehtiyatlarını Türkiyə üzərindən Avropaya nəql etmək üçün həyata keçirdiyi layihələrdə Azərbaycanı həmişə dəstəkləyəcəkdir.
Çexiya Respublikasının səfiri Radek Matula çıxışında bildirmişdir ki, Azərbaycan bölgənin iqtisadi baxımdan sürətlə inkişaf edən ölkəsi kimi dünya investorlarının diqqətini cəlb edir. Çexiyanın iş adamları da Azərbaycanda iş qurmaqda maraqlıdırlar və bu istiqamətdə konkret addımlar atılır.
Çıxışlardan sonra mükafatların təqdimatı olmuşdur.