ELM VƏ TƏHSİL
Beynəlxalq elmi seminar: Süni intellektin fəlsəfəsi
Bakı, 1 noyabr, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Süni intellektin fəlsəfəsi” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Seminarda məruzə ilə çıxış edən institutunun baş direktoru professor İlham Məmmədzadə süni intellektin bir problem kimi bir çox elmi araşdırmaların aktual mövzusu olduğunu qeyd edib: “Filosofları süni intellektin mahiyyəti, onun şüur və təfəkkürlə münasibəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri maraqlandırır. İndiki halda ondan istifadənin fəlsəfəni necə dəyişdirdiyi, hansı problemləri aktuallaşdırdığı və nəticədə fəlsəfənin necə dəyişdiyi əhəmiyyət kəsb edir. Prinsipcə, süni intellekt kompüter sistemləri və proqramlarına, rəqəmsal texnologiyalara, qeyri-səlis və qeyri-konkret məlumatlar əsasında işləmə və nəticələrə, biliklərdən istifadə və onların toplanmasına aid ideyalara, tədrisə, yəni insan intellektinin funksiyalarının əvəzləməsi deyilən proseslərə aid olan bütün fenomenlərdir”.
Alimin fikrincə, çox vaxt filosoflar bu problemlər barədə düşüncələrində gənc nəsli kompüterlərin, internetin vurduğu zərərdən müdafiə edən ekspertlər kimi çıxış edirlər: “Ancaq aydın olur ki, bu funksiya əhəmiyyət daşıdığına baxmayaraq, bütün fəlsəfə üçün kifayət etmir. Bu məsələlərin təhlili bizə fəlsəfənin və digər elmlərin hansı istiqamətdə inkişaf edəcəyini və onların hansı funksiyalarına diqqət yetirilməyin zəruri olduğunu müəyyənləşdirməyə və proqnozlaşdırmağa imkan verəcək. Fəlsəfi araşdırmalarda çox vaxt fəlsəfə tarixinə xüsusi əhəmiyyət verilir. Lakin gəlin görək fəlsəfə tarixi ilə işləyən tədqiqatçılar süni intellektlə məşğul olurlarmı? Ümumiyyətlə, fəlsəfə tarixi süni intellektlə məşğul ola bilərmi? Düşünürəm ki, bu suallara cavab tapılmalıdır”.
Sonra fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Süni intellektin fəlsəfəsinə fənlərarası yanaşma”, Türkiyə Qazi Universitetinin müəllimi Səlcuk Özdəmir “Dönüşün əmək və təhsili”, professor Adil Əsədov “Rəqəmsal incəsənət, gen mühəndisliyi və postinsan”, Ankara Yıldırım Bəyazit Universitetinin müəllimi Mehtap Doğan “Güclü süni intellekt” və fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Süni intellekt - idarəetmə sosiologiyasının predmeti kimi” mövzularında məruzə ilə çıxış ediblər.
Məruzələrdən sonra seminar iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşüb, müzakirələr aparıblar.