İDMAN
Beynəlxalq güləş turnirinin iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər
Bakı, 18 yanvar (AZƏRTAC). Bakıda Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 17-ci beynəlxalq turnirin iştirakçıları, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının nümayəndələri yanvarın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər.