SİYASƏT
Beynəlxalq ictimaiyyət Qarabağın sərvətlərindən, münbit torpaqlarından cinayətkar məqsədlər naminə yararlanan Ermənistana kəskin etiraz bildirməlidir
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycanın əzəli ərazisi Qarabağın sərvətlərindən, münbit torpaqlarından yalnız cinayətkar məqsədlər naminə yararlanan Ermənistan dünyaya “ağ ölüm” ixrac edir və beynəlxalq ictimaiyyət buna kəskin etiraz bildirməlidir.
Bu sözləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan AZƏRTAC-a müsahibəsində demişdir.
S.Balaxan bildirmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi son əməliyyat tədbirləri Azərbaycan Respublikası Prezidentinin dəfələrlə yüksək tribunalardan səsləndirdiyi fikri - Ermənistanın işğal etdiyi tarixi torpaqlarımızda narkotik vasitələr yetişdirdiyini və tranzitini həyata keçirdiyini bir daha təsdiqlədi. Azərbaycan Prezidenti bu problemi dəfələrlə gündəmə gətirərək dünyanın diqqətini təkcə Dağlıq Qarabağ probleminə deyil, həm də nəzarətsiz ərazilərdən bütün dünyaya yayılan “Ağ ölüm” təhlükəsinə cəlb etmişdir.
Hazırda Ermənistan işğal altındakı torpaqları gec-tez geri qaytaracağı həqiqətini dərk etməyə başlamışdır. Hadisələrdən belə bir nəticə çıxaran S.Balaxan hesab edir ki, Dağlıq Qarabağ məsələsini bilərəkdən uzadan Ermənistan hakimiyyəti fürsətdən istifadə edib münbit torpaqlardan və nəzarətsizlikdən yararlanmaq istəyir. Bu gün nəinki Qarabağda, heç Ermənistanın özündə belə yaşamaq istəməyən ermənilər hazırkı hakimiyyətə heç bir şans yeri qoymamışlar. Onların ölkədən, həmçinin Qarabağdan qaçması adi hal almışdır.
S.Balaxan demişdir: Azərbaycan dövləti Ermənistanın terrorçu, cinayətkar, narkotik vasitələr və silah biznesi ilə məşğul olan bir ölkə olduğuna dair yetərincə dəlil-sübuta malikdir. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat nəticəsində ələ keçirilən İran vətəndaşının etirafına diqqət edin: “...həmin narkotik vasitələrin İran ərazisində də əkilməsinə baxmayaraq, müştərilər əsasən Qarabağda yetişdirilmiş daha keyfiyyətli marixuanaya üstünlük verir.” Bu, bir azərbaycanlı kimi məni çox sarsıdır. Çünki bir zamanlar dünyaya nadir mədəniyyət və insansevərlik nümayiş etdirən Qarabağ indi “keyfiyyətli narkotik” təklif edir. Bu bərəkətli ərazilər qlobal təhlükə mənbəyinə çevrilmişdir. Dünya bunda xilas olmaq naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqq işinə dəstək olmalıdır. Düşünürəm ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların başqa seçimi qalmayıb.