İQTİSADİYYAT
Beynəlxalq konfrans çərçivəsində “Neft sənayesinin inkişafı və atmosfer emissiyaları” mövzusunda sessiya öz işinə başlamışdır
Bakı, 4 noyabr (AZƏRTAC). Noyabrın 4-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” Beynəlxalq Konfransı çərçivəsində birinci sessiya öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, “Neft sənayesinin inkişafı və atmosfer emissiyaları” mövzusunda keçirilən sessiyaya sədrlik edən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, parlamentin enerji komitəsinin sədri Valeh Ələsgərov çıxış edərək bildirmişdir ki, son 10 ildə Azərbaycanda elektrik enerjisinin istehsalında emissiya iki dəfə aşağı düşmüşdür.
Sonra sessiyanın həmsədri Britaniya Parlamenti Nümayəndələr Palatasının enerji və iqlim dəyişikliyi komitəsinin sədri Tim Yeo “İqlim dəyişikliyinə qarşı tədbirlər: neft və qaz sənayesi dünyadakı karbon miqdarını aşağı səviyyədə saxlamaq üçün nə etməlidir”, Türkiyənin Ekologiya və şəhərsalma nazirinin müavini Mehmet Emin Birpınar isə “Tanker qəzaları nəticəsində meydana gələn dəniz çirklənməsinin beynəlxalq təsiri” mövzularında məruzə ilə çıxış etmişlər.
Sessiyada ABŞ Konqressinin Ohayo ştatından olan üzvü Jan Şmitin “Alternativ enerji və neft-qaz əməliyyatlarında enerji səmərəliliyi” adlı məruzəsi də dinlənilmişdir.