İQTİSADİYYAT
Beynəlxalq konfransda yol və nəqliyyat infrastrukturu ilə bağlı urbanizasiya problemlərinin həlli yolları araşdırılmışdır
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Bakı Ekspo Mərkəzində 4-cü Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat (“Road and Traffic-2014”) sərgisi çərçivəsində “Yol və yeraltı infrastruktur - urbanizasiya problemlərinin həlli yolları” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Nəqliyyat Nazirliyinin sektor müdiri Heydər Talıbov ölkəmizdə yol infrastrukturu, kompleks nəqliyyat sxemləri və urbanizasiya faktoru barədə geniş məlumat vermişdir. Belə ki, böyük sıçrayış dövrü kimi səciyyələndirilən son 10 ildə yol-nəqliyyat sektorunun inkişafı istiqamətində mühüm addımlar atılmış, əsaslı islahatlar aparılmış, normativ hüquqi baza təkmilləşdirilmişdir.
Bütün bunlara baxmayaraq, hələ də həllini gözləyən bir sıra problemlərin mövcudluğunu qeyd edən H.Talıbov paytaxtdakı tıxac problemini buna misal göstərmişdir. Bildirilmişdir ki, avtomobil sıxlığına səbəb olan əsas amillər ilk növbədə qanunsuz parklanma, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində saxlanılması, mövcud avtomobil yolu şəbəkəsinin nəqliyyatın intensivliyinə uyğun olmamasıdır.
Bəzi statistik rəqəmləri diqqətə şatdıran natiq vurğulamışdır ki, Bakı şəhərinin ərazisi 2400 kvadratkilometrdir. Bu, ölkə ərazisinin yalız 3 faizini təşkil etdiyi halda, respublika üzrə nəqliyyat axınının 60 faizi paytaxtın payına düşür.
Hesablamalara görə, Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması üçün mövcud avtomobil yolları şəbəkəsi təqribən 4500 kilometrə çatdırılmalıdır. Şəhər ərazisində torpaq fondunun məhdudluğu səbəbindən yolların genişləndirilməsi üçün məskunlaşma ərazilərindən sakinlərin köçürülməsi ilə bağlı müəyyən problemlər həll edilməlidir.
Qeyd olunmuşdur ki, son beş ildə Azərbaycanın nəqliyyat sektoruna 14,5 milyard dollar sərmayə qoyulmuşdur. Bunun təqribən 12 milyard dolları yol-nəqliyyat sisteminin inkişafına yönəldilmişdir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin şöbə rəisi Hidayət Rüstəmov Bakı şəhərində tıxac probleminin həlli məsələlərinə toxunmuş, təmsil etdiyi qurumun paytaxtda mühüm yol infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətindəki fəaliyyətindən bəhs etmişdir.