İQTİSADİYYAT
BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI JURNALİSTLƏR ÜÇÜN “DƏYİRMİ MASA” KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da Beynəlxalq Maliyyə Korporasiyası (İFC) “Park İNN” mehmanxanasında jurnalistlər üçün “Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi” layihəsinin icrasına dair dəyirmi masa keçirmişdir.
“Azərbaycanda reallaşdırılmış islahatlar çox diqqətəlayiqdir. Bütün bunların nəticəsidir ki, ölkənin reytinqi artmış və o, dünyanın aparıcı islahatçı ölkəsi seçilmişdir”, - deyən layihə rəhbəri Boris Divyak bu dəfə də uğur əldə edəcəklərinə inandığını söyləmişdir.
Layihə barədə məlumat verən B.Divyak indiyədək Azərbaycanın 1800 şirkətində iş mühiti ilə tanış olduqlarını, 2009-cu ilədək ölkədə kiçik və orta sahibkarlığın vəziyyəti və tövsiyələrdən ibarət hesabat hazırlayacaqlarını bildirmişdir. Bu sahədə problemlərin də olduğunu deyən natiq əsas diqqəti maliyyə vəsaitlərinə çıxışın təmin edilməsinə, kredit şərtlərinin yumşaldılmasına, yüksək faiz dərəcələrinin aşağı salınmasına və lisenziyaların verilməsinin asanlaşdırılmasına yönəltməyin daha vacib olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, lisenziyaların verilməsi prosesini təkmilləşdirmək üçün İFC yeni reyestr buraxacaqdır. Hazırda Azərbaycanda Bosniya-Herseqovina təcrübəsindən istifadə edilərək yeni lisenziya reyestrinin tətbiq olunması istiqamətində iş aparılır.